Ölkəmizin milli dövlətçilik ənənələrinin qurulmasında və inkişafında misilsiz xidmətləri olan dahi rəhbər Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti ən yeni tariximizdə müstəsna yer tutur. Yüksək insani keyfiyyətlərinə, mükəmməl dövləti idarəetmə bacarığına, xalqa xidmət mədəniyyətinə görə Heydər Əliyev dünyada nadir tarixi şəxsiyyətlər sırasındadır. Bu gün müstəqil Azərbaycan dövlətinin yaşaması, qüdrətli ölkə kimi təşəkkülü üçün ümummilli lider Heydər Əliyevə minnətdarıq. Bunu demək yerinə düşər ki, hər bir vətəndaşımızın qəlbində əbədiyaşarlıq zirvəsini fəth etmiş Heydər Əliyev əmanət olaraq xalqımıza zəngin maddi və mənəvi dəyərlər, alternativsiz dövlətçilik konsepsiyası, siyasi və iqtisadi cəhətdən etibarlı dayaqlar üzərində olan güclü Azərbaycanı qoydu. Müasir Azərbaycan tarixinin 30 ildən artıq bir dövründə respublikamıza rəhbərlik etmiş Heydər Əliyev dövlətçilik salnaməsində elə bir irs yaratmışdır ki, onun öyrənilməsinə, təbliğinə və tətbiqinə hələ uzun illər böyük ehtiyac olacaqdır.Dünyada nüfuzlu siyasi xadim kimi tanınmış Heydər Əliyev Sovetlər Birliyi kimi nəhəng dövlətin rəhbərlərindən biri olmaqla öz fitri istedadı və şəxsi nüfuzu ilə fərqlənmişdi. Heydər Əliyev ilk azərbaycanlı idi ki, belə zirvəyə gəlib çıxmış, xalqına möhtəşəm xidmətləri ilə Azərbaycanın güvənc yerinə və bütün türk dünyasının fəxrinə çevrilmişdi. Hər zaman Azərbaycan xalqının mənafeyini düşünən Heydər Əliyev azərbaycanlı olması ilə fəxr edirdi. Dahi rəhbərin “...həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” müdrik kəlamı hər bir azərbaycanlının iftixarla səsləndirdiyi şüara çevrilmişdir. 2003-cü ilin 15 oktyabrı tarixində keçirilmiş seçkilərdə xalq öz səsini Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına vermişdir. Həmin tarixdə keçirilmiş seçkilərdə seçicilərin 76 faizdən çoxu cənab İlham Əliyevə səs vermişdir. Beləliklə, Azərbaycan xalqı İlham Əliyevi Prezident seçməklə öncə Heydər Əliyevin siyasi kursuna səs verdi. Bu siyasi kursa sadiqliyini nümayiş etdirən xalqımız Ümummilli Liderə sevgisini və inamını bir daha sübut etdi. Azərbaycan xalqı sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu nümayiş etdirdi, ölkədə bu siyasətə alternativin olmadığını göstərdi.Prezidentliyin ilk ilindən etibarən dayanıqlı inkişaf üçün əsaslı addımlar atılmışdır. Müstəqilliyimizin və ideoloji dayaqlarımızın daha da möhkəmləndirilməsinin, vətəndaş həmrəyliyinin bərqərar olmasının təməlində Azərbaycan dövlətinin milli maraqlarının qorunması dayanırdı.Bu gün xalqımız Heydər Əliyev siyasətin uğurlarını gündəlik həyatında hiss edir, onunla yaşayır və onun irsindən faydalanır. Bu siyasətin icraçısı ulu öndərimizin alternativsiz siyasi varisi möhtərəm Prezidentimiz cənab İlham Əliyevdir. Heydər Əliyev siyasəti Azərbaycanın uğurlarının əsasıdır, gələcəyə istiqamətlənmişdir. Onun siyasi kursu dövlət müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi, sosial-iqtisadi tərəqqiyə nail olunması kimi ağır və taleyüklü məsələlərdə sınaqdan çıxmışdır.Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatlar, əldə olunan nəticələr xalqın sabaha olan inamını qat-qat artırmış, Heydər Əliyevin memarı olduğu müstəqil Azərbaycanın etibarlı əllərdə olduğuna möhkəm əminlik yaratmışdır. Cənab İlham Əliyev ulu öndərin siyasi kursunu keyfiyyətcə yeni müstəvidə davam etdirməklə, xalqımızın və dövlətçiliyimizin bu kursun mahiyyətindən doğan milli maraqlarını beynəlxalq miqyasda təmin edir. Heydər Əliyev siyasətinin uğurla həyata keçirilməsi müstəqilliyimizi möhkəmləndirir, dövlətçiliyimizi qüdrətləndirir və nəticədə beynəlxalq aləmdə Azərbaycan Respublikasının rol və nüfuzunu artırır. Xalqımız bu siyasəti yüksək dəyərləndirir.Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri qısa müddət ərzində Ermənistanın 30 il ərzində havadarlarının dəstəyi ilə qurduğu ordusunu darmadağın etdi. Həmçinin, ölkə başçısı iqtisadiyyatı inkişaf etdirərək, 30 il ərzində xarabazara çevrilmiş Qarabağ torpaqlarını yenidən dirçəldərək, Azərbaycanı yeni zirvələrə doğru aparmaqdadır.Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi müdrik daxili islahatlar və uzaqgörən, məqsədyönlü xarici siyasət sayəsində Azərbaycan Cənubi Qafqazda lider dövlətə çevrilmişdir.İlahə Kərimova, Xocalı şəhər 4 nömrəli tam orta məktəbin müəllimi